Sosial şəbəkələrdə sürücü və yol polisi arasında mübahisəni əks etdirən videogörüntü yayılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Unikal"a bildirib ki, hadisə paytaxtda baş verib. Onun sözlərinə görə, sürücü avtomobili “Axundov bağı”nın yaxınlığında, hərəkətin sıx olduğu bir yerdə qanunsuz olaraq park edib.
"Bu zaman DYP əməkdaşları sürücüyə yaxınlaşaraq avtomobilin oradan götürülməsi üçün xəbərdarlıq ediblər. Sürücü DYP əməkdaşlarının qanuni tələbinə tabesizlik nümayiş etdirib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə barəsində tədbir görülüb. Əgər sıxlıqdan, tıxacdan narazılıq ediriksə, qaydalara əməl etməyənləri cəmiyyət olaraq ictimai qınaq obyektinə çevirməliyik. Hər hansı video çəkib, daha sonra özünə qaxmar çıxmaq istəyən, kütlə yaratmaq naminə ictimai fikirə təsir etmək və bu ucuz məqsədi güdərək qanun keşikçisinin işinə təsir etmək arzusunu yəqin ki, düşüncəsi olan hər bir adam düzgün qiymətləndirəcək", - deyə DYP rəsmisi qeyd edib.
Anar Kəlbiyev