Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin sentyabrın 16-da keçirilən sammitində çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində fəal iştirakından danışaraq, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmasını və bu göstəricinin il ərzində 25 milyon tona qədər artırılmasının mümkünlüyünü vurğulayıb. Dövlətimizin başçısı, eyni zamanda, cari ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzitin 50 faizə yaxın artdığını da qeyd edib.
Dövlət başçısının çıxışında fəaliyyətinə toxunduğu Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında onu da qeyd edim ki, bu regional və beynəlxalq əhəmiyyətli nəhəng infrastrukturun inkişafını dövlətimizin başçısı daim diqqət mərkəzində saxlayıb. Cari ilin ilk yarısının yekunlarına həsr olunan müşavirədə ölkə rəhbəri sözügedən ticarət limanının ikinci fazasına inşasına başlanılmasının vacibliyini bəyan edərək, Xəzər dənizi üzərindən yükdaşımaların həcminin artırılmasının artıq reallıq olduğunu bildirib. “Mənə bu yaxınlarda verilən məlumata görə, artıq ərazimizdən keçən yükləri aşırmağa bizim imkanımız yoxdur. Çünki biz beynəlxalq ticarət limanını o vaxt olan yüklərə görə inşa etmişik, birinci fazasını başa çatdırmışıq. İndi tezliklə ikinci fazaya keçmək lazımdır” - deyən dövlətimizin başçısı, həm də Azərbaycanın tranzit əhəmiyyətinin artmasını diqqətə çatdırıb.
Bütün bunlar isə o deməkdir ki, Prezident cənab İlham Əliyev tərəfindən zamanında uzaqgörənliklə həyata keçirilən layihələr artıq dövrün tələbinə uyğun olaraq öz uğurlu nəticəsini verir. Dünyada baş verən geosiyasi vəziyyət isə ixrac və idxal ölkələrinin qarşısına ən təhlükəsiz, həmçinin sərfəli nəqliyyat dəhlizindən istifadəni şərt qoyur.
Ölkəmizin ərazisi ilə daşınan yüklərin həcminin artması isə onu göstərir ki, indiki şəraitdə bu missiyanı üzərinə götürə biləcək ən uyğun ölkə məhz Azərbaycandır. Bu səbəbdən də dövlətimizin başçısı, eyni zamanda, Bakı Gəmiqayırma Zavodunun da fəaliyyətini yüksək dəyərləndirir. Həmçinin bu müəssisənin imkanlarının yenidən araşdırılması, istehsal həcminin artırılması sayəsində tranzit ölkə kimi Azərbaycanın mövqeyini daha da gücləndirəcəyini əminliklə diqqətə çatdırır.
Azərbaycanın ŞƏT ilə “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində geniş əməkdaşlıq və tərəfdaşlıq imkanlarına malikdir. Prezident cənab İlham Əliyevin Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə də bu barədə ətraflı bəhs edilib. Dövlətimizin başçısı deyib: “Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir”.
Yeri gəlmişkən, tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.
İşğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya, eləcə də Asiyaya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Bu hal Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi ölkəmizin iqtisadi və siyasi nüfuzunu daha da artıracaq.
Yeri gəlmişkən, beş ayda dəniz limanları tərəfindən 4 milyon 560,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib ki, bu yüklərin də 4 milyon 293,5 min tonunu və ya 94,1 faizini tranzit yüklər təşkil edib.
Ölkə rəhbəri sammitdəki çıxışında daha sonra Azərbaycanın 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malik olduğunu, Bakı gəmiqayırma zavodunun bütün növ gəmilər istehsal edə bildiyini də diqqətə çatdırıb. Dövlətimizin başçısı, eyni zamanda, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmir yolunun tikildiyini və ya əsaslı təmir olunduğunu bildirərək, hazırda respublikamızın İkinci Qarabağ müharibəsindəki tarixi qələbədən sonra işğaldan azad edilən ərazilərdə minlərlə kilometr avtomobil yolu, yüzlərlə kilometr dəmir yolu çəkdiyini də xatırladıb.
Prezident İlham Əliyev daha sonra deyib: “Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.
2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır”.
Bu məqamda Zəngəzur dəhlizi ilə bağlı onu deyə bilərəm ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi nəqliyyat-logistika sahəsində də yeni reallıqlar yaratdı. Təbii ki, söhbət Zəngəzur dəhlizindən gedir. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə daşınan yükləri qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.
Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəsə də, dünyada söz sahibi olan hər bir ölkə buna böyük maraq göstərir. Çin, Rusiya və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. Üstəlik, Avropa ölkələri də bu dəhlizin açılmasını dəstəkləyir.
Fərhad Möhbalıyev
iqtisad üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim