Türkiyənin Atatürk Universiteti Türkiyat Araşdırmalar İnstitutunun Müasir türk ləhcələri və ədəbiyyatı kafedrasının doktorantı Gizem Nur Nazlı Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr olunmuş elmi iş müdafiə edib.
"Unikal" xəbər verir ki, “Kamal Abdullanın romanlarında xalq kültürü ünsürləri” adlı dissertasiya işinin elmi rəhbəri professor Sedat Adıgözəldir.
Gizem Nur Nazlı qeyd edib ki, Xalq yazıçısı Kamal Abdulla ənənəvi roman anlayışına yeni nəfəs gətirən yazıçıdır və onun romanları müasir Azərbaycan nəsrinin qiymətli əsərləridir:
“Kamal Abdullanın əsərləri bədii və elmi baxımdan araşdırılsa da, toplu şəklində araşdırılmayıb. Bundan başqa, əsərlərinin hamısı nə Azərbaycanda, nə də Türkiyədə struktur-ideya cəhətdən öyrənilməyib. Bir yazıçının yaradıcılığını tam dərk etmək üçün onun bütün əsərlərini oxumaq daha faydalı olur. Ona görə də “Yarımçıq əlyazma”nı oxuyub, yarımçıq qalan boşluqları tamamladıqdan sonra “Sehirbazlar dərəsi”nə yol almalı, bu dərədən axtardığını tapan oxucu daha sonra “Çiçəkli mağara”nı ziyarət etməlidir.
Kamal Abdullanın romanlarında həqiqət və təxəyyül bir aradadır. Adət-ənənə və tarixi gerçəklərin birləşdirən yazıçı bu əsərlərində həqiqət və zərurəti ön plana çıxarıb. Kamal Abdullanın romanlarında istifadə etdiyi təbiət ünsürləri, bir-birindən müstəqil görünsələr də, əslində, bir-birlərini tamamlayan ünsürlərdir. Kamal Abdullanın romanlarında hər təbiət ünsürü simvolik mənasıyla istifadə olunub, mifoloji bir ünsür olaraq qarşımıza çıxır. Bundan başqa yazıçının istifadə etdiyi xalq ədəbiyyatı nümunələri romanları zənginləşdirib. Romanlarında rəvayət, nağıl, dastan, atalar sözləri və s. şifahi xalq nümunələrindən faydalanan yazıçı dərin mifoloji bilgilər də verib”.
Gizem Nur Nazlı tədqiqat zamanı müəllifin düşüncəsini, düşüncə dünyasını anlamaq və araşdırmalarını daha da dolğun etmək üçün müəllifin digər əsərlərindən də istifadə edib.