Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Ərzurum Böyükşəhər Bələdiyyəsi arasında iki dost və qardaş ölkə kimi strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu nəzərə alaraq qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.
Bu barədə "Unikal"-a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.
Protokol qardaşlaşmış şəhərlər arasında mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirməyi əsas tutur.
Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, bərabərlik, dostluq, qardaşlıq və ümumi maraq prinsiplərinə uyğun olaraq, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.
Sənədi Ərzurumda səfərdə olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Ərzurum Böyükşəhər Bələdiyyəsinin başçısı Mehmet Sekmen imzalayıblar.