170 km uzunluğunda kollektor-drenaj sistemləri lildən təmizlənib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, meliorativ tədbirlərin vaxtında aparılması nəticəsində torpaqların münbitliyi artır. Artıq əvvəlki illərdə əkin aparılmayan sahələrdə belə müxtəlif növ kənd təsərrüfatı təyinatlı bitkilər əkilir. Uzun illər şoranlaşmaya məruz qalan torpaqlar kollektor-drenaj sistemlərinin mütəmadi təmizlənməsi ilə əkinə yararlı vəziyyətə gətirilir. Bütün bu işlər Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin texnikaları vasitəsi ilə həyata keçrilir. Plana uyğun olaraq idarə tərəfindən 3 ədəd borulu keçid təmir olunub, 3 ədədində isə əsaslı təmir işləri davam etdirilir. Hazırda vaxtilə tikilən və yararsız hala düşən borular sökülərək yeni borularla əvəzlənir.
Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi tərəfindən bu ilin əvvəlindən etibarən 170 km məsafədə kollektor-drenaj sistemi lildən təmizlənib. Bununla da həmin kollektorların keçdiyi ərazilər artıq münbit torpaqlara çevrilməkdədir. Hazırda kolleketor-drenaj sistemlərinin təmizlənməsi sistemli şəkildə aparılır.
Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarının istismarı idarəsi respublikanın 6 rayonuna xidmət göstərməklə ümumi uzunluğu 5 min kilometrə yaxın kollektor-drenaj şəbəkəsinə və 173 min hektar meliorasiya olunmuş əkin sahəsinə xidmət edir. İdarənin xidməti sahələri Yevlax, Bərdə, Zərdab, Kürdəmir, Ağsu və Ağcabədi rayonlarının ərazilərində yerləşir.