"Dünya üzrə saytların, sosial medianın və mobil tətbiqlərin fəaliyyətini analiz edən müxtəlif platformalar var. Bu alətlərdən istiafdə etməklə hər bir ölkə üzrə bütövlükdə ümumi mənzərəni görmək olar".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanda pulsuz mobil tətbiqlərdən hansıların daha populyar olmasını analiz edəndə görmək olar ki, vəziyyət elə də xoşagələn deyil.
"Düzü, bu dərəcdə olacağını da heç təsəvvür etməzdim. Qlobal statistikadan görsənir ki, son zamanlarda bizim mobil istifadəçilərimizin yüklədikləri pulsuz mobil tətbiqlərin ilk beşliyində yalnız VPN-lərdir. Bu, çox düşündürücüdür. Bu analizdən anlaşılır ki, smartfon istifadəçilərimizin əksəriyyəti VPN üzərində “oturub”. Bu, əsasən "Android" platformadan istifadə edənlərlə bağlıdır. "App Store" diqqət yetirdikdə nisbətən fərqli situasiyadır. Amma burada da VPN-lər gözə dəyir. Ermənistan istifadəçilərinin maraq dairsəinə nəzər salanda görmək olar ki, situasiya tam fərqlidir. Orada ümumiyyətlə VPN gündəmdə deyil. Çox güman ki, bir müddət öncə tətbiq edilən bloklanma aradan qaldırılıb".
O.Gündüz qeyd edib ki, istifadəçilərimizin VPN-dən istifadəsinin kökündə "Tik-Tok" dayanır:
"Bu platforma ölkəmizdə müvəqqəti olaraq bloklanıb. Bir müddət əvvəl "Tik-Tok" rəsmiləri ilə görüşmüşdüm. Onlar özlərindəki statistikaya əsasən, Azərbaycanda 3 milyon "Tik-Tok" istifadəçisi olduğunu bildirmişdilər. Bu, Azərbaycan üçün çox böyük rəqəmdir. Düşünürəm ki, "Tik-Tok"la bağlı qərar verənlərimiz bu mənzərənin fərqində olmalıdır. Uşaqların təhlükəsizliyi ilə bağlı daha təkmil və effektiv üsullardan istifadəyə diqqət yetirilməlidir. Baxmayaraq ki, "Tik-Tok" rəsmiləri özlərindəki statistikaya istinadən bizdə uşaqların bu platformada az olduğunu vurğulayırlar, amma reallıqda vəziyyət fərqlidir. Yenə də o fikirdəyik ki, uşaqlar və yeniyetmələr üçün "Tik-Tok" məhdudlaşdırılmalıdır. Düşünürük ki, pulsuz VPN-lərdən istifadə əsasında "Tik-Tok" istifadəsi uşaqlar üçün daha ciddi risklər yaradır. Bu istiqamətdə bütün maraqlı tərəflərin iştirakı ilə daha ağlabatan üsullardan istifadə edilməlidir. Amma, ciddi hüquqi əsaslar olmadan bu platformaya qarşı bloklanma doğru olmazdı. Digər ölkələrdə olduğu kimi təhlükəsizlik məsələlərinin qorunması ilə bağlı bu platforma ilə əməkdaşlıq daha ağlabatan olardı".
Seymur Əli