Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Nazirliyin tabeliyində olan elmi-tədqiqat müəsisələrində 81 vakant yer üzrə işə qəbul elan edilib. Vakant yerlər haqqında məlumat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılmış “Aqrokadr.az” karyera portalında dərc edilib.
"Unikal" xəbər verir ki, toxumçuluq və bitki mühafizəsi üzrə aqronom, aqrokimyaçı, torpaqşünas, zootexnik və baytar həkimi ixtisasları üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər “aqrokadr.az” portalında yerləşdirilmiş vakansiyalarla tanış ola və sayt vasitəsilə aqrar sahə üzrə təqdim olunan iş yerləri ilə bağlı müraciət edə bilərlər.
Qeyd edək ki, elana əsasən Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında olmaqla Göygöl, Quba, Sabirabad, Salyan, Şamaxı, Ucar, Bərdə, Beyləqan rayonları üzrə toxumçuluq üzrə aqronomlar, Abşeron, Bərdə, Füzuli, Cəlilabad, Göygöl, Hacıqabul, Xaçmaz, Kürdəmir, Lənkəran, Saatlı, Sabirabad, Şabran, Şəmkir, Yevlax rayonları üzrə bitki mühafizəsi üzrə aqronomlar, Ağsu, Ağdaş, Bərdə, Qəbələ, Oğuz, Xocalı, Cəbrayıl, Daşkəsən, Sabirabad, Qusar, Siyəzən, Hacıqabul, Xocavənd, Kürdəmir, Şamaxı, Salyan, Samux, Quba, Füzuli, Tovuz, Qobustan, Xızı, Masallı, Göyçay, Qazax, Şabran, Şirvan, Neftçala, Zərdab, Ucar rayonları üzrə baytar həkimlər, Bərdə, Göygöl, Lənkəran, Quba, Şəki, Tovuz, Laçın, Xocalı, Daşkəsən, Siyəzən, İmişli, Beyləqan, Qubadlı, Zəngilan, Şəmkir rayonları üzrə aqrokimyaçı və torpaqşünaslar, Quba, Kürdəmir, Gəncə və Şəki şəhəri üzrə zootexniklər işə qəbul olunacaqlar.
Qeyd edək ki, “aqrokadr.az” karyera portalı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ötən ilin avqustunda ictimaiyyətə təqdim edilib. Portal iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı iş axtarışının stimullaşdırılmasını hədəfləyir. Portal üzərindən dövlət və öz müəssisələrinin birgə fəaliyyəti davam edir. Maraqlı şirkət və qurumlar “aqrokadr.az” saytında elanların yerləşdirilməsi və peşəkar kadrların cəlb edilməsi sahəsində əməkdaşlığa dəvət olunur.