Astarada işçiləri qanunsuz işlədən fermerə cinayət işi açılıb.
Bu barədə "Unikal"a Astara rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, “İlkin” kəndli (fermer) təsərrüfatının təsisçisi Sadıx Əzimov tərəfindən xeyli sayda işçinin əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə rayon prokurorluğuna daxil olmuş müraciət əsasında araşdırma aparılıb. Araşdırmalarla Sadıx Əzimovun 15 nəfər şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çay bağlarında fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.