"Naxçıvanda həbslər genişlənməlidir. Vasif Talıbovun əhatəsi hardasa, 15-20 milyarddan artıq pul mənimsəyib. Bu baxımdan, daha çox adam məsuliyyətə cəlb olunmalıdır".
Bunu "Unikal"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Naxçıvanda vəzifəli şəxslərin həbs olunması ilə bağlı sualı cavablandırarkən deyib.
"Demək olar ki, Naxçıvanın bütün ərazisi bir ailənin əlində olub. Hara baxırsan, onları zavodu, fabriki, evləri, bağları və s-dir. Orada başqa adamlara məxsus heç nə yoxdur. Naxçıvanda o qədər dövlət və vətəndaşlar əleyhinə cinayətlər olub ki, onların heç biri açılmayıb, cinayətkarların əhatə dairəsi müəyyən edilməyib. Bu günə qədər fərdi məsuliyyətləri də müəyyən olunmayıb", - deyə partiya sədri bildirib.
S.Cəlaloğlu qeyd edib ki, orada tək korrupsiya əleyhinə deyil, bu günə qədər üstü açılmamış, həyata keçirilən cinayətlərlə bağlı yeni istintaq işləri aparılmalıdır:
"Kim günahkardırsa, cəzasına çatmalıdır. Naxçıvanda baş verənlər yanlış kadr siyasəti, özbaşınalıq və bu günə qədər orada dövlət nəzarətinin həyata keçirilməməsi ilə bağlıdır. Nazirliklərin heç birini Naxçıvan Muxtar Respublikasında nəzarət həyata keçirməyə qoymayıblar. Orada heç vaxt vətəndaşların şikayətlərinə, narazılıqlarına baxan olmayıb".
Anar Kəlbiyev