“Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onun ya otağından, ya qarajından, ya da başqa yerdən külli miqdarda vəsaiti çıxır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, bunlar dövlətin vəsaitləridir:
"Bunu edənlərin əksəriyyəti vəzifədə olan insanlardır. Cinayət yolu ilə əldə edilmiş əmlak sözü sıravi vətəndaşa aid deyil. Bu yolla əldə olunan əmlak daha çox vəzifəli, imtiyazlı adamlara aiddir”.
S.Rüstəmxanlı qeyd edib ki, Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin aşkarlanması, şəffaflaşdırılmasının vaxtı çatıb: “Bununla bağlı qanunun qəbul edilməsinin vaxtıdır. Dünyanın inkişaf etmiş ölkələrində bu qanunlar imkan vermir ki, insan öz vəzifəsindən istifadə edib, dövlətin malını talasın, korrupsiya ilə məşğul olsun”.
Anar Kəlbiyev