Bir neçə gün öncə Prezident İlham Əliyevin Rumıniyaya işgüzar səfəri zamanı imzalanan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş Azərbaycanın aktuallıq kəsb edən qlobal məsələlərdəki aparıcı rolunun növbəti təsdiqi oldu. Beləliklə, indiyə qədər neft-qaz məsələlərində söz sahibi kimi çıxış edən Azərbaycan tezliklə Avropa İttifaqına üzv olan dövlətlərə həm də elektrik enerjisi ixrac edəcək.
Cənab Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı yazıma bu mühüm hadisəyə toxunmaqla başlamağım təsadüfi deyil. Çünki dövlətimiz üçün olduqca mühüm iqtisadi əhəmiyyət daşıyan, habelə vacib siyasi çəkisi olan bu hadisənin kontekstində belə bir həqiqət bir daha təsdiq olundu ki, cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin bütün detalları, hər bir istiqaməti milli maraq və mənafelərimizin təmin olunması, xalqımzın rifahının yüksəldilməsi kimi ülvi məqsədlərə söykənir.
Bəli, ötən 19 ildə Azərbaycan xalqı cənab İlham Əliyevdən yalnız və yalnız dövlətə və xalqa xidmət məramı görüb, hər birimiz möhtərəm Prezidentin qətiyyətli siyasətinə, Azərbaycanı inkişaf etdirmək, regionda söz sahibinə çevirmək əzminə şahidlik edib. Və bu siyasətin nəticəsi kimi qısa dövrdə mühüm sosial-iqtisadi göstəricilərə nail olan Azərbaycan artıq uzun illərdir ki, regionun lideridir, qlobal miqyasda böyük narahatlıq doğuran enerji təhlükəsizliyi müzakirələrində aparıcı mövqeyi olan dövlətdir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu enerji siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev öz siyasi müdrikliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmələrinin həyata vəsiqə almasını təmin edib. 2018-ci ildən istismarda olan Cənub Qaz Dəhlizi isə İlham Əliyevin enerji siyasətinin «şah əsəridir». İndi bu enerji dəhlizi vasitəsilə Xəzər dənizindən hasil olunan təbii qaz birbaşa Avropa İttifaqı bazarlarına ixrac olunur. Karbohidrogenlərin ixracından daxil olan gəlirlər isə Azərbaycanın iqtisadi inkişafı, vətəndaşların sosial rifahının yüksəlişi, infrastruktur layihələrinin həyata keçirilməsi kimi vacib vəzifələrin uğurla yerinə yetirilməsini təmin edir.
Təbii ki, cənab İlham Əliyevin fəaliyyətinin əsas diqqəti çəkən məqamlarından biri bir qədər əvvəl qeyd etdiyim kimi qısa dövrdə mühüm iqtisadi göstəricilərə nail olmasıdır. Onların bəzilərinə nəzər yetirək. Belə ki, son 19 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Nadir ölkələri nümunə göstərmək olar ki, qısa müddətdə ÜDM-də bu cür artıma nail olunsun. Ən mühüm uğurlardan biri də odur ki, genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Bunun da nəticəsində Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Ötən 19 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradılıb.
İqtisadi yüksəlişlə bağlı əsas məqamlardan biri Prezident İlham Əliyev regional inkişaf siyasətinin böyük uğurlarla müşayiət olunmasıdır. Etiraf edilməlidir ki, iqtisadiyyatın və enerji sənayesinin inkişaf etdiyi, milli gəlirlərin artdığı bir şəraitdə regionların iqtisadi potensialı hərəkətə gətirilməsəydi, Azərbaycanın tərəqqisi natamam görünə bilərdi. Bu baxımdan Prezident İlham Əliyevin çoxvektorlu inkişaf siyasətinin göstəricilərindən biri kimi regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. Əvvəldə qeyd etdiyim işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı düşməsində və yeni iş yerlərinin yaradılmasında və qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşmasında regional inkişafın böyük rolu oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ən böyük nailiyyətlərdən biri də Azərbaycanın yerləşdiyi regionun tranzit mərkəzinə çevrilməsidir. Avtomobil yollarının və dəmir yolu xətlərinin, Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, yeni beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. Məhz İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi ilə bütün beynəlxalq nəqliyyat yolları məhz Azərbaycanda kəsişir.
Cənab İlham Əliyevin ötən 19 ildəki fəaliyyətinin qürur doğuran məqamlarından biri Azərbaycanın kosmik kluba daxil olmasıdır. Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsi respublikamızın milli təhlükəsizliyinin təmin olunmasına, sosial-iqtisadi inkişafa böyük töhfələr verməkdədir.
Təbii ki, cənab İlham Əliyevin Prezident kimi müdrik fəaliyyətinin ən möhtəşəm uğuru torpaqlarımızın işğaldan azad edilməsidir. Xatirimizdədir, dövlət başçısı həmişə bəyan edirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. 44 günlük Vətən müharibəsi möhtərəm İlham Əliyevin torpaqlarımızın azadlığı ilə bağlı uzaqgörən, qətiyyətli və cəsarətli siyasətinin, həmçinin Azərbaycanın inkişafının təntənəsi oldu. Bu savaşda İlham Əliyev yalnız Ermənistana deyil, dünya erməniliyinə, böyük güclərə, ikili standartlara, erməni təəssübünü çəkən və öz ilk gündən işğala dəstək vermiş Fransaya qalib gəldi. Bu qələbə ilə Prezident İlham Əliyev sərkərdə qətiyyəti ilə Azərbaycanın dövlətçilik tarixində böyük bir tarixi missiyasını yerinə yetirdi.
Hazırda işğaldan azad edilmiş torpaqlarımız Prezident İlham Əliyevin qurucu əzmi ilə bərpa olunur, Müzəffər Ali Baş Komandan erməni vandallarının dağıtdığı, talan etdiyi yurd yerlərimizə yeni həyat bəxş edir. 2023-cü ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 3 milyard manatın ayrılması göstərir ki, azad olunmuş torpaqlarımızda bərpa işləri bundan sonra da sürətlə davam edəcək.
Bəli, fəxarət hissi ilə qeyd etməliyik ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin hər bir, mərhələsi, hər bir ili ən möhtəşəm uğurlarla əlamətdardır. Ona görə Azərbaycan xalqı öz rəhbərini sevir, etimad göstərir və bundan sonra da öz Prezidentinin ətrafında səfərbər olacaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur həm də ondan xəbər verir ki, Heydər Əliyev siyasəti, ulu öndərin yolu layiqincə davam etdirilir.
Milli Məclisin deputatı,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti
Novruzəli Aslanov