Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “20 Yanvar – Azadlığa aparan yol” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə ATMU-nun rektoru İlham Mədətov 33 il əvvəl- 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin başçıları tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı və amansız cinayətdən bəhs edib. 20 Yanvar faciəsini sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün planlaşdırılan xüsusi ssenari əsasında həyata keçirildiyini deyib. Rektor dövlət müstəqilliyimizə tuşlanan düşmən gülləsinə sinələrini sipər edən qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların əziz xatirəsinin daima uca tutulacağını xüsusi vurğulayıb.

20 Yanvar faciəsini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi adlandıran İ.Mədətov törədilən hərbi cinayətin beynəlxalq aləmə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinə detallı aydınlıq gətirib. Qeyd edib ki, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, kommunist rejiminə və bu qanlı hadisəni törədənlərə qəti etirazını bildirib. Qanlı Yanvar faciəsinə hüquqi-siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər xiyabanında möhtəşəm abidə kompleksinin ucaldıldığını xüsusi vurğulayıb.

Tədbirdə universitetin İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyinin, Vətənimizin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunun bariz sübutudur,desək yanılmarıq.

Universitetin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov çıxışında qeyd etdi ki, həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, uşaqlar, qadınlar, qocalar, sağlamlıq imkanları məhdud olan insanlar da var idi. Dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Faciəni əks etdirən məlumat xarakterli videoçarxın yayımından sonra Universitetin Turizm işinin təşkili ixtisasının tələbəsi İbrahim Qədirli “Şəhid qanı” şeirini ifa edib.

Qeyd edək ki, ATMU-da gün ərzində 20 Yanvar faciəsinə həsr olunan kitablar nümayiş olunub.