Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, polisə Natiq adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs – Natiq Kazımov tutularaq polis idarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 90 qram metamfetamin aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq Natiq Kazımovun idarə etdiyi avtomobildən əlavə 2 kiloqramdan artıq heroin, 4 kiloqram 190 qram marixuana və narkotiklərin satışında istifadə etdiyi qeyd dəftərçəsi aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu naməlum İran vətəndaşından Bakı şəhərində satmaq məqsədilə aldığını deyib.
Aşkar edilən faktla bağlı idarənin istintaq şöbəsində cinayət işi başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində əməliyyatlar davam etdirilir.