"Xaricdəki bloqerlər İran hakimiyyətinin və İranın xüsusi xidmət orqanlarının verdiyi bəyanatlara oxşar addımlar atırlar".
Bunu "Unikal"a açıqlamasında deputat Elman Nəsirov deyib. Deputat qeyd edib ki, onlar xaricdə oturub Azərbaycan dövləti əleyhinə olan yalan məlumatlar yayırlar:
"Tural Sadıqlı və onun kimilər üçün dövlət və dövlətçilik sevgiləri yoxdur. Onlar açıq şəkildə İranı müdafiə edirlər. Bu boyda terror aktı baş verib, bir nəfər şəhid olub, səfirliyimizin iki əməkdaşı yaralanıb, amma xaricdə oturaraq özünə azərbaycanlı deyən bloqerlər bu hadisəni məişət hadisəsi kimi təqdim edirlər. Onlar çalışırlar ki, İranın rəsmi mövqeyi ilə üst-üstə düşən mövqe ortaya qoysunlar.
Bu gün Daxili İşlər Nazirliyi tərəfindən SalamNews informasiya agentliyi və "İnteraz"da əməliyyat keçirilib, İranın casus şəbəkəsinə xidmət edən 7 nəfər həbs edilib. Bu hadisələrdən sonra məndə belə bir fikir yaranır ki, Tural Sadıqlı kimilər də İranın xüsusi xidmət orqanları tərəfindən ələ keçiriliblər. Onlar gecə-gündüz Azərbaycan dövləti əleyhinə məlumatlar yayırlar, çirkab ifraz edirlər.
Qoy xalqımız da görsün ki, xaricdə oturub belə danışanlar İranın xüsusi xidmət orqanlarının əlində alətdirlər və bunun müqabilində pul alırlar. Onların nəyinə lazımdır ki, biz şəhid vermişik və yaxud diplomatik korpusumuzun yaralı əməkdaşları var? Onların haqlarının müdafiəsi ilə bağlı bir kəlmə də olsun deməyiblər. Yalnız İran hakimiyyətinin yanında yer alıblar. Mahiyyət etibarı ilə onlar da casusdurlar", - deyə Elman Nəsirov bildirib.
Murad İbrahimli