"Azərbaycanda milyonlarla manat vəsait xüms vergisi adı ilə yığılaraq İrana göndərilir. İslamda belə bir vergi növü yoxdur. Bu terrorun maliyyələşdiriməsi kimi qanunda əks olunmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir:
"Azərbaycanda ələ alınan çox sayda agentura şəbəkəsinin əksəriyyəti İranda Məşhədə, Quma, Kərbəlaya ziyarətə gedənlərin içərisindən seçilir. Bunların da içərisində, xüsusilə, qadınların çox böyük bir şəbəkələşməsi var. Ona görə də qanunvericilikdə ziyarət məsələsini Azərbaycan dövlətinin tam nəzarəti altında gerçəkləşməsi və bu qrupa daxil olan insanların riskli qrupda olan insanlar kimi xarakterizə olunmasını təmin etməliyik. İranda təhsil məsələsinə aydınlıq gətirməliyik. Bunu müəyyən dərəcədə çərçivəyə salmalıyıq. Yas yerlərində, meyxanaçılar arasında yaradılmış xüsusi təbliğat qrupları var. Bunlara dövlət nəzarətində, hansısa qanun çərçivəsində fəaliyyət göstərməliyik ki, bunlar bu qədər tüğyan edə bilməsinlər".
Anar Kəlbiyev