Azərbaycanda sosial xarakterli fövqəladə mühit zamanı fövqəladə vəziyyət tətbiq edilməyəcək.
"Unikal" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı "Fövqəladə vəziyyət haqqında" qanuna dəyişiklik edilib.
Belə ki, qanun adı dəyişdirilir və bundan sonra "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" adlanacaq.
Dəyişikliklərə əsasən, “Fövqəladə vəziyyət haqqında” qanuna sosial xarakterli fövqəladə mühit və sosial xarakterli fövqəladə mühit rejiminə dair yeni normalar daxil edilir.
Dəyişikliklərin əsas məqsədi ondan ibarətdir ki, sosial xarakterli fövqəladə mühitin yaranması fövqəladə vəziyyətin tətbiqi üçün əsas hesab edilmir. Belə ki, əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan mühit sosial xarakterli fövqəladə mühit hesab olunur. Bu mühitin rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir.
Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal mediada elan olunmalı, o cümlədən 24 saat müddətində dərc edilməlidir.
Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmır.
Sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edildikdə, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir, bu məqsədlə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət olan komissiya fəaliyyət göstərir.
Sosial xarakterli fövqəladə mühit aradan qaldırıldıqdan sonra əhalinin normal həyat fəaliyyətinin bərpa edilməsi vəzifəsi sözügedən komissiyanın səlahiyyətlərinə daxildir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
Anar Kəlbiyev