Paytaxtın Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.
"Unikal" xəbər verir ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən ehtiyat çıxışından ora daxil olduğunun şahidi olublar. Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib.
Həmin şəxs tutulan zaman əlində olan bıçaqla müqavimət göstərmək istəsə də onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb. Saxlanılan şəxsin üzərində axtarış aparılan zaman marketdən oğurladığı 1700 manat aşkar olunub. Elvin Quliyevin oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitə ilə də anbaan lentə alınıb. Saxlanılan şəxsin Xətai və paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdiriıir.