Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rəsmiləri arasında görüş keçirilib.
"Unikal" xəbər verir ki, ASAPES-də təşkil olunan görüşdə IJF Akademiyasının direktoru Envik Qalea, təhsil şöbəsinin müdiri Tibor Kozsla, IJF Akademiyasının Türkiyə nümayəndəsi və ASAPES-in Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə iştirak ediblər.
Tədbirdə IJF Akademiyasının fəaliyyəti, təhsil sistemi barədə ətraflı məlumat verilib. Cüdo idman növü üzrə məşqçilərin sertifikatlaşması və lisenziya alması haqda yeniliklər Akademiyanın nümayəndələrinin diqqətinə çatdırılıb və təlimlərdə ASAPES tələbələrinin iştirakı müzakirə edilib.
Bundan başqa, IJF Akademiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında əməkdaşlıq Memorandumunun imzalanması təklifi də müzakirə edilən məsələlərdən olub.
Görüş zamanı idman tədbirlərində könüllülərin iştirakının əhəmiyyəti barədə də danışılıb və onların arasında xeyli tələbənin olduğu vurğulanıb. Bununla əlaqədar könüllü tələbələrin akkreditasiyadan keçməsinin vacibliyi qeyd edilib.