Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib.
Aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri qatılıblar.

"Unikal" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada vətənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soydaşlarımız, eləcə də onlara dəstək verən əcnəbilər Azərbaycanın və yaşadıqları ölkələrin bayraqlarını dalğalandırıb, Xocalı soyqırımının tanıdılmasını, eləcə də dünyadan ədalət gözləntilərini əks etdirən şüarlar yazılmış plakatlar nümayiş etdiriblər.

İştirakçılar Xocalı soyqırımı ilə bağlı məlumatları, eyni zamanda Azərbaycan xalqının 31 ildir ədalət gözlədiyini ingilis, litov, serb, alman, italyan, fransız, yunan, polyak, ivrit, azərbaycan, gürcü, norveç, fin, ispan, türk dillərində diqqətə çatdırıb, bu dəhşətli hərbi cinayətə hüquqi-siyasi qiymətin verilməsini, günahkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab vermələrini tələb
ediblər.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Xocalı soyqırımına həsr edilmiş sənədli filmin nümayiş olunduğu aksiyada soyqırım qurbanları klassik musiqi nömrələrinin səsləndirilməsi ilə xatırlanıb, yerli ictimaiyyətin marağına səbəb olan
fləşmoblar keçirilib.

Diaspor nümayəndələrinin “Xocalı 613” yazısının ətrafına şamlar düzməsi soyqırım həqiqətlərinin inikasına çevrilib, ətrafdakılara xüsusi təsir bağışlayıb və yerli ictimaiyyətin böyük marağına səbəb olub.
Aksiya çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Xocalı soyqırımı ilə bağlı məlumatları əks etdirən kitab, buklet, broşür və materiallar şəhər ictimaiyyətinə paylanılıb.

Sonda aksiyanın bəyanatı ingilis və alman dillərində təqdim olunub. Qeyd edək ki, aksiya iştirakçıları mitinqin gedişində Türkiyədəki dağıdıcı təbii fəlakətdən zərərçəkənlərə dəstək olmaq məqsədilə maddi yardım toplayıblar.

Maddi yardım aksiyanın Təşkilat Komitəsi tərəfindən AFAD-ın hesabına köçürülüb. Xatırladaq ki, xaricdəki Azərbaycan icmaları və diaspor təşkilatlarının Xocalı soyqırımı ilə bağlı kütləvi dinc aksiyaları bir neçə ildir ənənəvi xarakter alıb və bu, nüfuzlu beynəlxalq təşkilatların geniş məlumatlandırılmasına, nəticədə informasiyalı xarici çevrənin əhatə dairəsinin genişlənməsinə birbaşa təsir edir.

Azərbaycan diasporunun 2019-cu ildə Brüsseldə keçirdiyi I Ümumavropa Qarabağ mitinqi, 2020-ci ildə Berlində Brandenburq qapıları qarşısındakı Paris meydanında keçirdiyi II Ümumavropa Qarabağ mitinqi və 2022-ci ildə Vaşinqtonda Kapitoli binasının qarşısında təşkil edilən Ümumamerika Xocalı mitinqi beynəlxalq ictimaiyyətin soyqırımla bağlı məlumatlandırılmasında xüsusi rol oynayıb.