"Bir neçə gün bundan əvvəl Biləsuvarda məktəbdə direktorla müəllim arasında baş vermiş qarşıdurma məktəblərə direktor təyinatına olduqca həssas yanaşılmasının vacib olduğunu bir daha göstərdi".
"Unikal" xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, son insident mütləq ciddi araşdırılmalı, müvafiq tədbirlər görülməli və nəticəsi barədə cəmiyyətə ətraflı məlumat verilməlidir.
"Əvvəlki müsahibələrimdə də bu məsələyə xüsusi toxunmuşdum. Direktorların təyinatı tam obyektiv, şəffaf, tapşırıqsız, ayrı-seçkiliyə yol verilmədən, ciddi araşdırmalar aparılaraq həyata keçirilməlidir. Bu cür xoşagəlməz hadisənin baş verdiyi məktəbdə hansı normal təhsil mühitindən söhbət gedə bilər? Son hadisə ağıllara belə bir sualı da gətirir. Neçə məktəbimizdə bu düşüncə, tərbiyə və təfəkkürdə müəllim və direktor var? Həmin hadisə onu da göstərdi ki, bu prosesə yenidən baxılmalı, vəzifəyə uyğun olmayan direktorlarla bağlı obyektiv, ciddi əsaslandırılmış qərarlar qəbul edilməlidir. Əks-halda belə xoşagəlməz halların tez-tez şahidi olacağıq", - deyə deputat vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində direktorla müəllim arasında insident yaşanıb. Mübahisənin məktəbin direktoru Üzeyir Eyvazov və riyaziyyat müəllimi R.Əmirov arasında olduğu qeyd edilib.
Seymur Əli