Azərbaycanda özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşlara yalan vədlər verən şəxs həbs olunub.
"Unikal"ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Badaşqan kənd sakini Vüsal Quliyev (soyad şərtidir) "Instagram"da "polis_din" adlı səhifə yaradaraq orada tanış olduğu şəxslərə qarşı dələduzluq əməli törədib. Belə ki, o, polis forması geyinərək tanış olduğu şəxslərlə görüntülü danışıb. Özünü Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı kimi təqdim edən Vüsal həmin şəxsləri polisdə işə düzəldəcəyini vəd edərək onlardan pul tələb edib. Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlar məhkəmədə müxtəlif ifadələr veriblər.
Zərərçəkmiş şəxslərdən biri qeyd edib ki, Vüsal özünü DİN-nin Baş Cinayət Axtarış idarəsinin vəzifəli şəxsi kimi təqdim edib:
"Uşaqlıqdan arzum polis olmaq idi. Bunu Vüsala dedim və o bu işdə mənə kömək edə biləcəyini bildirdi, mənə hansısa rəisə 10 min manat verməli olduğunu dedi. Mən isə məbləğlə razılaşmadım və Vüsala 3500 manat verdim".
Qeyd edək ki, Vüsal polisdə işə düzəldəcəyinə dair yalan vədlər verdiyi şəxslərdən ümumilikdə 9 min manata yaxın pul alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Murad İbrahimli