"Mədəniyyət sahəsində olan qanunvericiliyin sistemləşdirilməsinə ciddi ehtiyac var. Çünki burada parakəndəlik mövcuddur".

"Unikal" xəbər verir ki, bunu mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyinin, eləcə də Əqli Mülkiyyət Agentliyinin “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsi ilə bağlı keçirilən birgə ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qeyri-maddi sözü “əllə toxunula bilməyən” mənasını verir: “Bu sözün Azərbaycan ekvalentinə uyğun doğru anlayışı əhatə edən termin tapa bilsək böyük uğur olar. Bununla həm Azərbaycan dilinin inkişaf etdirilməsi, həm də gələcəkdə qanunvericilikdə daha doğru, səlist ifadəsinə zəmin yaratmış olarıq”.

A.Kərimli bildirib ki, bəzən eyni anlayışı ifadə etmək üçün bir neçə termindən istifadə olunur: “Bu da ən ciddi problem yaradan məqamlardan biridir. Cəmiyyətdə və qanun tədbiq edən şəxslər üçün qanunu oxuyub anlamaq istəyən sadə insanlar üçün bu çox çaşqınlıq yaradır. Eyni mənada eyni məfhumu ifadə etmək üçün bir neçə terminlərin istifadəsi yalnış yanaşmadır. Daftoloji yanaşmalardan uzaqlaşmağa da ehtiyac var. Mədəniyyət nazirliyinin mövqeyi budur. Qanun layihəsinin müzakirəsi və gündəmə çıxarılması aktualdır. Ancaq layihənin üzərində işlənilməsinə ehtiyac var”.