Mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli mədəniyyət sahəsindəki uğursuzluqlardan danışıb.

"Unikal"ın məlumatına görə, nazir əvəzi bildirib ki, həqiqəti səmimi olaraq bölüşmək, demək lazımdır:

"Hər zaman bu sahədə diqqət və qayğı olub. Amma bunun düzgün tətbiq edilməməsi istiqamətində ola bilsin ki, idarə yetərsizliyi olub. Digər problemlərdən biri cəmiyyət tərəfindən dəstəyin alınmamasıdır. Bu sahəyə sovet ideoloji əsaslarında olduğu kimi sinfi yanaşma mövcud olub, bu gün də var. Digər sahələrdə də ciddi islahatlar aparılır və ciddi inkişaf tendensiyaları izlənməkdədir. Mədəniyyət sahəsində instutisional islahatların aparılmasına çox ciddi ehtiyac var. Problemin kökü ondadır ki, uzun illərdir mədəniyyət sahəsində fəaliyyət tədbirçilik üzərində qurulub, fundamental və instutisional yanaşmalardan istifadə edilməyib.

Bu sahədə ilk boşluqları müəyyən etdiyimiz əsas məqamlardan biri budur. Ciddi islahatlara başlamaq vaxtıdır. Bizi bu sahədə motivasiya edən, daha da fəallaşdıran məqam ondan ibarətdir ki, Azərbaycan mədəniyyəti çox dəyərli incəsənət xadimləri, mədəniyyət sahəsində mövcud olan dəyərli insanlarımızın fəaliyəti ilə daim məzmun qazanıb, mədəniyyətimizin zəngin tərəfləri istər ölkə daxilində, istərsə də xaricdə təqdim edilib".

Anar Kəlbiyev