“Ucqar kəndlərdə kitabxanalarda 20 min kitab fondunun olması deyilir, amma baxırsan ki, heç 2 min kitab yoxdur. Kənddə yaşayan əhalinin həmin kitabları oxuması sualına cavab tapmaq lazımdır. Mədəniyyət müəssisələrində çalışan və büdcədən əmək haqqı alan 30 min işçinin hamısı yerlərdədir. Onlar Azərbaycan mədəniyyətlərinə töhfə verə bilirmi? Xeyr. Bunu da hamı bilir”.
"Unikal" xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli deyib.
Onun sözlərinə görə, bu sahədə ciddi işlərin görülməsi önəmlidir: “Bəlkə bu yükü azaldıb mədəniyyətin zəruri olan sferasına yönəldə bilərik. Mətbuatda da haqlı olaraq qeyd olunur ki, tarixi mədəni abidələrimiz təhlükədədir. Bu gün 6308 tarixi mədəni abidəmizin 4000-ə yaxını məhz nazirliyin nəzarətindədir. Təbii ki, həmin abidələrə mütəmadi şəkildə investisiya ayrılır.
O qeyd edib ki, abidələri qorumaq üçün sanki vətəndaşların öhdəliyi yoxdur: “Onları qınamaq da olmaz, bəlkə də maarifləndirmə işləri düzgün aparılmayıb. Tarixi abidədə yaşayan mənzil sahibi məsuliyyət hiss etməlidir ki, dövlət hər zaman bunu qoruya bilməz”.
Anar Kəlbiyev