22–25 iyun tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçiriləcək.
"Unikal" xəbər verir ki, “Heydər Əliyev İli”nə həsr olunan beynəlxalq konfrans "Bir əsrin iqtisadi nəticələri" mövzusunda olacaq.
Konfrans akademik və elmi baxımdan zənginliyi ilə seçilən bir tədbir olacaq. Dövlət və özəl qurumların rəhbər şəxslərinin, yerli və xarici qonaqların qatılacağı konfransda dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədqiqatçılarının iştirakı ilə vorkshop təşkil olunacaq. Eləcə də “Yaşıl iqtisadiyyat və yaşıl inkişaf” mövzusunda “Green Day” keçiriləcək. Tədbirdə yaşıl investisiyalar, yaşıl inkişaf, yaşıl enerji, təkrar istehsal, yaşıl istehlak kimi aktual mövzularda çıxışlar olacaq. Məruzə sessiyalarında dünyanın 100-ə yaxın ölkəsindən 500-dən çox tədqiqatçı öz tədqiqatlarını təqdim edəcək.
Konfrans çərçivəsində yerli və xarici universitetlərin professor və tədqiqatçılarının iştirakı ilə “Bir Əsrin İqtisadi Portreti” adlı kitabın təqdimatı nəzərdə tutulub. Bundan əlavə, ingilis dilində “Yaşıl iqtisadiyyat və yaşıl maliyyə” adlı kitabın nəşri də baş tutacaq. Həmçinin, ali təhsil müəssisələrində dərs vəsaiti olaraq istifadə olunması nəzərdə tutulan “Strateji İdarəetmə” kitabı da çap olunaraq, konfrans zamanı iştirakçılara təqdim olunacaq.
Akademik tədbirlərlə yanaşı, konfrans günlərində Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə, mədəniyyətinə, Heydər Əliyev irsinə aid müxtəlif mövzularda sərgilərdən ibarət mədəni tədbirlər təşkil olunacaq.
Konfransa elmi məqalələrin göndərilməsi üçün son tarix 21 apreldir. Konfrans və tədbirlər haqqında daha ətraflı məlumatları konfransın rəsmi saytı olan www.conferences.az vebünvanından əldə etmək olar.