Bakıda "Bravo"ya hücum zamanı ölən şəxs Həsənov Rüfət Rahib oğludur.

"Unikal" xəbər verir ki, o, başından güllələnib. Yaralananlardan Şaydayev Samir Ruslan oğlu isə kürək nahiyəsindən 2 güllə yarası alıb.

***

Bu gün Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən "Bravo" supermarketdə silahlı insident baş verib.

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəni törədən şəxs supermarketin qarşısına quraşdırılmış bankomata inkassator heyətinin yaxınlaşmasını gözləyib.

Beynəlxalq Bankın inkassatorları bankomata yaxınlaşarkən həmin şəxs onlara tərəf gələrək atəş açıb. Baş nahiyəsindən güllə yarası alan inkassator hadisə yerində ölüb. Digər şəxs isə döş qəfəsi nahiyəsindən xəsarət alıb. İnsidenti törədən şəxs ərazidan qaçaraq uzaqlaşıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.

Baş Prokurorluqdan isə bildirilib ki, Xətai rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər. Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.