İran vətəndaşı ilə əlbir olaraq narkotiklərin satışını təşkil edən şəxsdən 16 kiloqram marixuana aşkarlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Nadim İmanverdiyev saxlanılıb.
Onun üzərinə və əlində olan bağlamaya baxış zamanı 16 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb. Nadim İmanverdiyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Seyfur Rza” adlı İran vətəndaşından onlayn yolla Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.
Ümumilikdə cari ilin fevral ayında Xətai Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələri tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 60 nəfər saxlanılıb. Bu şəxslərdən külli miqdarda güclü təsiredici xassəyə malik narkotik vasitələr aşkar edilib.
Xətai Rayon Polis İdarəsi və 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan Oruc Babayev saxlanılıb. Həmin şəxsdən 1 ədəd “Revolver” tipli tapança və 3 ədəd patron aşkar edilib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyat zamanı rayon ərazisində yerləşən dövlətin balansında olan transformator məntəqəsindən oğurluq edən Naib Musayev də saxlanılıb. Həmin şəxs etdiyi oğurluq nəticəsində dövlət qurumuna 2 min manatdan artıq maddi ziyan vurub.
Qeyd edilən faktların hər biri ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.