Bakıda özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək dələduzluq əməli törətmiş şəxs həbs edilib.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cəlilabad rayonunda qeydiyyatda olan, paytaxtın Yeni Yasamal qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Farid Qədirovun 2 nəfəri dələduzluq yolu ilə aldatdığı məlum olub. Qaradağ rayonundakı daş karxanasında “Kamaz” markalı yük maşınınn sürücüsü işləyən həmin şəxs barəsində Cinayət Məcəlləsinin dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rüşvət verməyə təhrik etmə maddələri ilə açılmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Farid sosial şəbəkədə bir neçə xanımla tanış olub və aralarında münasibət yaranıb. Daha sonra həmin qadınlar arasında pul məsələsinə görə mübahisə düşüb. Günay (şərti) adlı tanışı Faridə Nazilə (şərti) adlı digər qadının ona 80 min manat verməli olduğunu, lakin ödənişdən boyun qaçırdığını deyib. Özünü DTX-nin vəzifəli əməkdaşı kimi tandan Farid Günaya məsələni həll edəcəyini söz verib. O, Binəqədi Rayon Polis İdarəsində müstəntiq işləyən və bibisi oğlunun tələbə yoldaşı olan polis əməkdaşı ilə əlaqə saxlayaraq Günaya köməklik etməsini xahiş edib. Polisdəlki araşdırmadan sonra Nazilə pulun bir hissəsini Günaya qaytarıb. Farid bu işə görə müstəntiqə pul verilməli olduğunu deyərək Günaydan 4300 manat alıb.
Bununla yanaşı, 36 yaşlı Farid Günayın tanışı olan Cəfəri (şərti) də DTX-nin Xətai Rayon Şöbəsində işə düzəldəcəyini vəd verərək ondan 5 min manat alıb.
Lakin bir müddət sonra Günay Binəqədi RPİ-də işi araşdıran müstəntiqin qəbulunda olarkən Faridin yalan danışdığını öyrənib. Belə ki, müstəntiq ona Faridin pul vermədiyini bildirib və onun, ümumiyyətlə, DTX-də işləmədiyini, “Kamaz” sürücüsü kimi yükdaşıma fəaliyyəti göstərdiyini deyib.
Bundan sonra dələduzluqla üzləşdiklərini görən Günay və Cəfər Farid barəsində şikayət ediblər və cinayət işi başladılıb.
İstintaq müddətində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Farid bu zaman kəsiyində aldığı pulları geri qaytarıb. Məhkəmə prosesində Günay və Cəfər ondan şikayətçi olmadıqlarını bildiriblər. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi Faridin əməllərini və daha əvvəl də məhkumluq həyatı yaşamasını nəzərə alaraq, ona 5 il həbs cəzası verib. Farid Qədirov məhkəmə zalındaca həbs edilib.