"İrşad Electronics" MMC növbəti dəfə məhkəməlik olub.
"Unikal"ın məlumatına görə, şirkət bu dəfə gömrük qanunvericiliyini pozub. Belə ki, "İrşad Electronics" barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə protokol tərtib edilib. Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkət rəhbərliyi 1500 manat cərimə olunacaq.
Qeyd edək ki, "İrşad" Azərbaycanda elektronik məhsulların satışını həyata keçirən mağazalar şəbəkəsidir. Şirkət dəfələrlə müxtəlif qanun pozuntularına görə məhkəməlik olub. Həmçinin, ötən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "İrşad Electronics"ə maliyyə sanksiyası da tətbiq edilmişdi.
Seymur Əli