Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyasını, Brüssel sülh gündəliyini dəstəkləyir.
"Unikal" xəbər verir ki, bu barədə martın 14-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü zamanı deyib.
Prezident İlham Əliyev məhz bu əsnada aparılan görüşlərdə, qəbul edilən bəyanatlarda sülh müqaviləsinin və sülh gündəliyi platformasının müəyyən olunduğunu diqqətə çatdırıb.
Dövlət başçısı qeyd edib ki, beş prinsipi özündə əhatə edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb və iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın mövqeyi iki yanaşmadan ibarətdir. Birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir.