"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2022-ci ildə iqtisadiyyatda müsbət meyllər davam etdirilib, maliyyə sabitliyi və iqtisadi artım qorunub saxlanılıb. 2022-ci ildə hökumət cənab Prezidentin tapşırıqlarına uyğun olaraq ölkəmizdə iqtisadi fəallığın təmin edilməsi, sosia müdafiənin gücləndirilməsi, işğaldan azad olunan ərazilərin bərpa edilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı bir sıra ciddi tədbirlər görüb. Tədiyyə balansı, makro-iqtisadi aktivliyin dəstəklənməsi baxımından xarici mühitin Azərbaycan üçün əlverişli olması 2022-ci ildə əvvəlki illərə nisbətən ÜDM-də 4,6 faizlik artıma səbəb olub".
"Unikal" xəbər verir ki, bunu deputat Mahir Abbaszadə parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib. Deputat bildirib ki, 2020-ci ildə pandemiya və neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar qanunla icrası müvəqqəti dayandırılan büdcə qaydası təkmilləşdirilib və onun tətbiqi 2022-ci il yanvarın 1-dən bərpa edilib:
"Təkmilləşdirilmiş büdcə qaydası büdcənin neft gəlirlərindən asılılığının mərhələli qaydada aradan qaldırılmasına, fiskal dayanıqlılığın və maliyyə intizamının gücləndirilməsinə səbəb olub. Bu da Dövlət Neft Fondunun aktivlərinin qorunması imkanı yaradıb. Ölkəmizdə iqtisadi siyasətlə bərabər sosial siyasət də uğurla davam etdirilib. Əvvəlki illərdə olduğu kimi, 2022-ci ildə də dövlət büdcəsinin sosialyönümlülüyü qorunub saxlanılıb, əhalinin sosial təminatı gücləndirilib. 2022-ci ildə ölkədə əmək haqları, əmək pensiyaları, sosial müavinət və təqaüdlər artırılıb. 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında öz töhfəsini vermiş Vətən Müharibəsi Qəhrəmanlarının, şəhid və qazilərimizin, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, sosial məişət şəraitinin yaxşılaşdırılması 2022-ci ildə hökumətin diqqət mərkəzində olub. Ötən il Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad oluna ərazilərin bərpa edilməsi, Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı dövlət proqramı qəbul edilib. Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarına verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin ərazilərin milli iqtisadiyyata inteqrasiyasını sürətləndirəcək, əhalinin dayanqlı məskunlaşması və davamlı iqtisadi aktivliyinin təmin olunmasına öz töhfəsini verəcək. Ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi əsas prioritet məsələlər kimi qalmaqdadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə ordu quruculuğunun inkişafı, Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinin, müasir silah və texnikaların alınması, xidmət edən əsgər və zabitlərin sosial məişət şəraitinin yaxşılaşdırılması, şəxsi heyətin sayının artırılması, hərbi qulluqçuların vəzifə maaşlarına əlavələrin edilməsi üçün maliyyə təminatı yaradılıb. Ötən il Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin olunması baxımından nəqliyyat dəhlizlərinin inkişafında rolunu daha da artırıb, 2022-ci ilin əvvəllərində Cənubi-Qafqaz boru kəməri vasitəsilə Avropaya təbii qazın ixracı gücləndirlib. Bu da Azərbaycanın Avropanın enerji təhlükəziliyində yaxında iştirakını bir daha sübut edir".
Anar Kəlbiyev