Cəlilabadda saxlanılan paytaxt sakinlərindən 12 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredən xassəyə malik həblər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Bakı şəhər sakinləri Oktay Quliyev və Marif Quliyev saxlanılıblar.
Keçirilən baxış zamanı O.Quliyevin əlindəki qara rəngli torbadan və M.Quliyevin üzərindən ümumilikdə 5 kiloqramdan artıq heroin, 4 kiloqram həşiş qətranı, 3 kiloqram marixuana və 250 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri ilə rayon ərazisində narkotik vasitə və psixptrop maddələrin satışını təşkil etməkdə şübhəli bilinən Şəhriyar Əliyev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evdən külli miqdarda müxtəlif növ güclü təsiredən xassəyə malik narkotik vasitələr, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.
Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.