Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında xeyriyyə oyunu keçirilib.
"Unikal" xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı qonaqlar açıblar. 4-cü dəqiqədə Bafetimbi Qomis fərqlənib. 18-ci dəqiqədə "köhlən atlar"ın heyətində Redon Cica bərabərlik qolunu vurub. Son nöqtəni isə 87-ci dəqiqədə qonaqların hücumçusu Mauro İkardi qoyub. Argentinalı forvard penaltini dəqiq yerinə yetirib.
Matçı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.