Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən, Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaşı olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində 2023-cü ildə sayca üçüncü səfər Litvanın Vilnüs şəhərinə baş tutub.

"Unikal" xəbər verir ki, səfərdə ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekani Bahadur Bilalov da iştirak edib. İşgüzar görüşlər Mykolas Romeris Universitetinin ev sahibliyi ilə keçirilib.

Səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, 20-yə yaxın Azərbaycan ali təhsil müəssisəsindən rektorlar, prorektorlar və digər məsul şəxslər iştirak ediblər. Səfərin məqsədi tədris və keyfiyyət təminatı üzrə Litva təcrübəsinin öyrənilməsi olub. Belə ki, səfər proqramı çərçivəsində Litva Rektorlar Konfransının, eləcə də Mykolas Romeris Universitetinin rəhbər şəxsləri tərəfindən Litvanın ali təhsil sistemi, Litva Rektorlar Konfransında fəaliyyət göstərən Tədris işləri üzrə komitənin rolu, Litvada ali məktəblərin milli akkreditasiya sistemi, ali təhsil müəssisələrinin nəticəyə əsaslanan maliyyələşdirmə modeli üzrə təqdimatlar həyata keçirilib.

Eyni zamanda, təhsildə keyfiyyət təminatı məsələləri təlim proqramının digər mühüm istiqaməti olub. Mykolas Romeris Universitetinin keyfiyyət təminatı üzrə təcrübəli ekspertləri universitetin daxili keyfiyyət təminatı sistemi, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlara və təlimatlar”a uyğunluq, tədris proqramının və ixtisas komitələrinin rolu, tələbə mərkəzli tədris, öyrənmə və qiymətləndirmə, Mykolas Romeris Universitetinin akademik heyətin idarəedilməsinə dair siyasəti, pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması və sertifikatlaşdırılması, o cümlədən pedaqoji heyətin peşəkar inkişafı kimi mühüm mövzularda mövcud təcrübələrini bölüşərək məhsuldar fikir mübadilələri aparıblar.  Seminarlarla yanaşı, Azərbaycan nümayəndə heyəti Mykolas Romeris Universitetinin kampusu, o cümlədən kitabxanası və tədris laboratoriyaları ilə tanış olublar.

Səfər müddətində layihənin koordinatoru Gülşən Bayramova layihənin aralıq monitorinq nəticələri barədə iştirakçılara məlumat verib.Yekunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov tərəfindən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində yaradılmış Tədris və keyfiyyət təminatı üzrə komitənin iclası keçirilib. İclasda Komitənin fəaliyyət planı və həyata keçiriləcək layihələr üzrə müzakirələr aparılıb.