Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını tənqid edərək İrəvanın ünvanına belə bir cümlə işlədib: “Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız orderləri fonunda Ermənistanın qərarını tamamilə qəbuledilməz hesab edirik”. Moskva Ermənistanın sözügedən istiqamətdə atacağı addımların ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyini bildirib.
"Unikal" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.
Onun fikrincə, Ermənistanın “atacağı addımlar” dedikdə söhbət Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə verdiyi orderdən gedir. Başqa sözlə, Putin İrəvana gedərsə, Ermənistan hüquq-mühafizə orqanları onu həbs etməlidir. Aydındır ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşularsa belə İrəvanın Putini həbs etməyə cəsarəti çatmaz. Digər tərəfdən belə vəziyyətdə Putin də İrəvana getmək istəməz.