Heç vaxt nizamlanmada vasitəçi olmayanları, prosesə əlavə dəyər qatmayanları, praktiki nəticələrə nail olmayanları eşitmək çox vacib deyil. Vacib olan Bakı və İrəvanı eşitməkdir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin bəyanatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, iki ölkəni eşitmək, dinləmək və onların marağında hərəkət etmək lazımdır: “Bəli, biz yaxşı başa düşürük ki, iki tərəfin fərqli, bəzən bir-birinə diametral şəkildə zidd mövqeyi olur. Bununla belə, biz tərəflərin razılaşa biləcəyi şeyləri qeydə alırıq. Başlıcası onlara müvafiq razılaşma bazası əsasında müvafiq atmosferi yaratmaqdır”.
Mariya Zaxarova Avropa İttifaqının bunun əksini etdiyini qeyd edib: “Bu bəyanatlar bizim daha əvvəl Avropa İttifaqının qeyd olunan regionda destruktiv niyyəti və fəaliyyəti ilə bağlı gəldiyimiz nəticələri təsdiq edir. Açıq-aydındır ki, Brüssel Azərbaycan və Ermənistan arasında etibar qurulmasında və mövqelərin yaxınlaşmasında maraqlı deyil.
Özlərinin qeyri-professional, düşünülməmiş, ədalətsiz fəallıqları ilə Bakı ilə İrəvan arasında ziddiyyəti qızışdırırlar. Bunu biz hamımız görürük, fikrimcə, bunu gizlətmək mümkün deyil. Bizdən hər zaman soruşurdular ki, Avropa İttifaqının vasitəçiliyinə necə baxırıq? Biz isə deyirdik ki, gördükləri işlərdən onları tanıyacağıq. Bu da onların işləri. Burada yeni heç nə yoxdur. Onlar əvvəl etdiklərini burda da tətbiq edirlər".
Rusiya XİN rəsmisi Avropa İttifaqının məsuliyyətsiz siyasətinin Cənubi Qafqazda sülh və sabitlik üçün hansı gözlənilməyən nəticələrə gətirib çıxara biləcəyini düşünməməsinin təəssüf doğurduğunu söyləyib:
"Biz bu cür ziddiyyətli ssenarilərdən imtina etməyə çağırırıq. Üçtərəfli bəyanatların tam icra olunması Bakı ilə İrəvan arasında münasibətlərin sağlamlaşdırılmasının alternativsiz əsasıdır" .