Bakıda yüksək vəzifəli şəxs polisə müraciət edərək hədələndiyini bildirib.
"Unikal" "Qafqazinfo”ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri, 1957-ci il təvəllüdlü Hikmət Xəlilov hüquq-mühafizə orqanlarına müraciət edərək aprelin 6-da səhər saat 08 radələrində avtomobilinə hücum edildiyini deyib.
O qeyd edib ki, tanışı, 1969-cu il təvəllüdlü Vahid Xələfov səhər saatlarında Xəzər rayonu Şağan qəsəbəsində idarə etdiyi "Lexus” markalı, 10 ** 200 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsib. Həmin şəxsin əlində silaha bənzəyən əşya ilə avtomobilə zərbələr endirdiyini deyən Hikmət Xəlilov onun hədə-qorxu ilə pul tələb etdiyini iddia edib.
Məlumata görə, onun barəsində şikayət etdiyi Vahid Xələfov tikinti şirkətinin sahibidir. Tərəflər arasında xeyli vaxtdır tikinti məsələləri ilə bağlı münaqişəli vəziyyət davam edir və məhkəmə çəkişməsi gedir.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov 2019-cu ildə Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin olunub.