Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov 1 il müddətinə şərti azadlıqdan məhrum edilib və ehtiyatda olan polis zabiti Ramin Talıbova isə bəraət verilərək məhkəmə zalından azadlığa buraxılıblar.
"Unikal" report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
İttihama görə 2001-ci ildə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləyən S.Kərimov Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşı, polis zabiti Ramin Talıbov və digər polis əməkdaşlarının müşayiəti ilə Hindistan vətəndaşlarının işlədiyi yuyucu toz satışı ilə məşğul olan şirkətə gedib. Sabiq müstəntiq şirkətə baxış keçirib, hindistanlıları yararsız yuyucu tozlar satmaqda ittiham edib.
Bundan sonra müstəntiq məsələnin bağlaması üçün Hindistan vətəndaşlarından 20 min dollar rüşvət alıb. Təqsirləndirilən Ramin Talıbov isə həmin vaxt sahə inspektoru kimi fəaliyyət göstərib, müstəntiqin tələbi ilə onunla birgə gedib.
Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə S.Kərimov ölkəni tərk edib. Faktla bağlı Samir Kərimov və Ramin Talıbov barəsində cinayət işi açılıb.
S.Kərimova Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə, Ramin Talıbova isə 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309 (vəzifə səlahiyyətlərini aşma) maddələri üzrə ittiham elan olunub.
Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. Ramin Talıbov isə zaminə buraxılıb.
20 il sonra, 62 yaşında Bakıya qayıdan S.Kərimov hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.