Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində rayon ərazisində oğurluq edən və azyaşlıya qarşı soyğunçuluq cinayəti törədən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, şəhər ərazisində yerləşən qənnadı fabrikindən ümumi dəyəri 15 000 manat olan motorların oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Həsən Həsənov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib və oğurladıqlarını dəyərindən dəfələrlə ucuz qiymətə metal qəbulu məntəqəsinə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib. Davam etdirilən tədbirlərlə motorlar da satdığı yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Daxil olmuş məlumat əsasında keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə Ağdaş şəhəri ərazisində yerləşən fərdi yaşayış evindən ümumi dəyəri 1200 manat olan dəmir materiallar, elektrik naqili və digər məişət əşyaları oğurlayan rayonun Yuxarı Zeynəddin kənd sakini Rövşən Cavadov saxlanılıb, onunla əlbir olan daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı isə azyaşlının mobil telefonunu soyğuçuluq yolu ilə ələ keçirən 16 yaşlı rayon sakini, eləcə də yeni tikilməkdə olan evdən elektrik naqillərini oğurlayan daha iki yeniyetmə saxlanılıb. Soyğunçuluqla ələ keçirdiyi mobil telefon saxlanılan şəxsin üzərindən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.