Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Şəmkir Su Anbarının ərazisində quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.
Monitorinq zamanı kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə qanunsuz olaraq balıq ovu ilə məşğul olan Şəmkir rayon sakini Vüqar Həsənov saxlanılıb. Onun ovladığı “şəhmayı”, "çəki" və “daban” (karas) balığı, qayıq və digər elektrik avadanlıqları maddi sübut kimi götürülüb. V. Həsənov barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları tərəfindən anoloji tədbirlər davam etdirilir