Mingəçevirdə şəhid anası və bacısı şiddətə məruz qalıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Mingəçevir şəhər sakini Rafael Qədirov 2002-ci ildə Nuranə Ədilova ilə ailə həyatı qurub. Onların 3 övladı dünyaya gəlib. 2014-cü ildə isə boşanıblar.
Bir neçə gün öncə R. Qədirov qızı ilə telefonla danışıb. Qızı atasına iş tapdığını və artıq orada işlədiyini bildirib. Danışıqdan xəbər tutan Nuranə Ədilova telefonu qızının əlindən alıb və keçmiş həyat yoldaşı ilə mübahisə edib. Buna əsəbiləşən Rafel keçmiş həyat yoldaşının yaşadığı evə gedib. Evin qapısını keçmiş qayınanası Gülşən Ədilova açıb. Rafael Gülşən Ədilovaya pol ağacı ilə xəsarət yetirib. Daha sonra isə keçmiş arvadı Nuranə Ədilovanın saçından tutaraq 4-cü mərtəbədən 3-cü mərtəbəyə qədər sürüyüb.
Qeyd edək ki, Gülşən Ədilova Birinci Qarabağ müharibəsi şəhidi Ədilov Lətif Ədilşah oğlunun anasıdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, daxil olmuş müraciət əsasında Mingəçevir Şəhər Polis Şöbəsində təhqiqat araşdırmaları aparılıb. R.Qədirov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə o, 25 sutka inzibati həbs olunub.
Murad İbrahimli