Bakıda həbsdə olan şəxsin evindən silah tapılıb.
Bu barədə "Unikal"a Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin və Suraxanı rayon Polis idarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.1 (narkotik) və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rufan Məhəmməd Rəsul oğlu Azəri tərəfindən Suraxanı rayonu ərazisində zibilxanada gizlətdiyi 1 ədəd lüləsi kəsilmiş tüfəng aşkar edilərək götürülüb.
Bundan başqa, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Belə ki, Cinayət Məcəlləsinin 234.3.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elcan Vəfadar oğlu Hüseynov təcridxanaya qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın astarında gizlətdiyi 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,236 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.