Mayın 13-ü Şəki rayon sakini 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Unikal"a Şəki rayon prokurorluğundan bildirilib.
Aparılmış araşdırmalarla 1998-ci il təvəllüdlü Katıf Gülməmmədlinin mayın 5-də aralarında yaranmış mübahisə zamanı atası İsmayıl Gülüyevi boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı mayın 14-də Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Katıf Gülməmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
xxx
12:46
Şəkidə atasını öldürüb mobil telefonunu satmaqda şübhəli bilinən gənc saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Mayın 12-də Şəki rayonunun İnçə kənd sakini, 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin yaşadığı ünvanda meyitinin aşkar edilməsi barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Şəki Şəhər Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri cinayət-prosessual hərəkətlər yerinə yetirilib. Araşdırma zamanı İsmayıl Gülüyevin şəxsi münaqişə zəminində oğlu, 1998-ci il təvəllüdlü Katıf Gülməmmədli tərəfindən mayın 4-də boğularaq öldürülməsi və atasını öldürdükdən sonra onun mobil telefonunu Bakı şəhərinə apararaq orada satması müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Katıf Gülməmmədli tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.