Bakı Mühəndislik Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Memarlıq və dizayn təhsilinin aktual problemləri” mövzusunda I Respublika elmi-praktiki konfransı keçirilib. 

"Unikal" xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan konfransın əhəmiyyətindən danışıb. 

Müasir Azərbaycanın qurucusu olan Ulu Öndərin təhsilində memarlıq istiqamətinin xüsusi yerinin olduğunu vurğulayan rektor xatırladıb ki, Heydər Əliyev Naxçıvan Pedaqoji Texnikumunda təhsilini tamamladıqdan sonra keçmiş Azərbaycan Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olsa da, İkinci Dünya müharibəsinin həmin dövrə təsadüf etməsi onun bu istiqamət üzrə təhsilini davam etdirməsinə imkan verməyib. Buna baxmayaraq, Ümummilli Liderin istər SSRİ dövründə Azərbaycan KP MK-nın birinci katibi olduğu, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi zamanlarda düzgün şəhərsalma, tikinti-quruculuq işlərinə böyük önəm verdiyini, respublikamızda memarlıq sahəsinin inkişafı istiqamətində mühüm addımlar atdığını deyən rektor bildirib ki, Heydər Əliyev Azərbaycanda milli memarlıq üslubunun formalaşmasına və qorunub saxlanılmasına müstəsna töhfələr verib. 

Çıxışında BMU-nun Memarlıq və inşaat fakültəsinin yaranma və inkişaf tarixinə toxunan Havar Məmmədov nəzərə çatdırıb ki, hazırda fakültədə dizayn, memarlıq, inşaat mühəndisliyi, şəhərsalma, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi və s. ixtisaslar üzrə savadlı kadr hazırlığına ciddi diqqət yetirilir və bu istiqamətdə görülən işlər artıq bəhrəsini verməkdədir. Konfransda dinlənilən elmi məruzələrin, səsləndiriən fikirlərin bu sahənin gələcək inkişafına fayda verəcəyinə ümidvar olduğunu qeyd edən rektor konfransın işinə uğurlar arzulayıb.