Gədəbəy rayonunun Novosaratovka kəndində baş vermiş qətlin təfərrüatları məlum olub.
“Unikal" report-a istinadən xəbər verir ki, kafedə müştəri qismində olan Şəmkir rayon Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Elpərəs Bəhman oğlu İbrahimovla həmin kafedə ofisiant işləyən Gədəbəy rayon Novosaratovka kənd sakinləri, 1981-ci il təvəllüdlü Samir Çümşüd oğlu Tapdıqov və onun qardaşı 1986-cı il təvəllüdlü Teymur Cümşüd oğlu Tapdıqovla mübahisə düşüb.
Mübahisə daha sonra münaqişəyə çevrilib və müştəri qismində olan şəxs ofisiantları bıçaqlayıb. Mübahisə zəminində E. İbrahimov da bıçaqlanıb.
Hər üç şəxs xəstəxanaya aparılsa da onlardan T. Tapdıqov yolda dünyasını dəyişib.
Qeyd edək ki, E. İbrahimov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub.
Faktla bağlı araşdırma davam etdirilir.
11:00
Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən "Dəniz" adlı kafedə şəxslər arasında yaranmış mübahisə nəticəsində Tapdıqov Teymur Cümşüd oğlunun ölməsi, Tapdıqov Samir Cümşüd oğlunun və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə istintaq davam etdirilir.
"Unikal" xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi-Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Belə ki, iş üzrə hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib, digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmiş və hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsinin, o cümlədən şəxslərin əməllərinə hüquqi qiymət verilməsinin təmin edilməsi məqsədilə digər istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İstintaqın gedişatı və hadisənin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcək.
xxx
09:09
Gədəbəydə kütləvi dava zamanı 1 nəfər ölüb, daha 2 nəfər bıçaq xəsarəti alıb.
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Novosaratovka kəndində 2 nəfərin bıçaq xəsarəti alması, 1 nəfərin isə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri: 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı, 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirib, nəticədə T.Tapdıqov ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.