Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan ölkənin vitse-prezidenti postunu tuta bilər.

"Unikal" xəbər verir ki, bu barədə çərşənbə günü "Hürriyyət" qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, iyunun 3-də and içdikdən sonra yeni müddətə seçilən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökuməti elan edəcək. Nazirlər Kabineti demək olar ki, tamamilə yenilənəcək, xarici işlər və müdafiə nazirləri Mövlud Çavuşoğlu və Hulusi Akar öz postlarını saxlaya bilərlər. Türkiyə kəşfiyyatına rəhbərlik edən Fidan nazir postu ala və ya təhlükəsizlik məsələləri üzrə vitse-prezident vəzifəsini icra edə bilər. Qeyd olunan bu məsələ uzun müddətdir ki, Ankarada müzakirə olunur.

Qəzetin yazdığına görə, prezidentin rəsmi nümayəndəsi İbrahim Kalın hökumətə daxil ola bilər, onun mümkün vəzifəsi göstərilmir. Bundan əvvəl yerli mətbuat onun Xarici İşlər Nazirliyinə rəhbərlik edə biləcəyini yazmışdı.

Yerli mətbuat həmçinin keçmiş baş nazirin müavini və maliyyə naziri Mehmet Şimşəkin Nazirlər Kabinetinə gözlənilən təyinatını da açıqlayıb. Ərdoğan onunla bir gün əvvəl görüşüb, lakin görüşdən sonra heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Ərdoğanın sədrliyi ilə mayın 31-də son iclasını keçirəcək Türkiyənin hazırkı hökumətinin demək olar ki, bütün nazirləri mayın 14-də keçirilən seçkilərin yekunlarına görə parlamentə deputat seçiliblər.