"İndiki zamanda dəqiq proqnozlar vermək çətindir. Bu göstəricilər proqnozlardan daha çox arzulardır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
O bildirib ki, ötən il inflyasiya 14 faizə, ərzaq üzrə isə 20 faizə yaxın olub:
"Onun aşağı düşməsi proqnozlaşdırılır. Hökumətin proqnozlarında bu il inflyasiya 10,4 faizə endirilir, Mərkəzi Bank isə bir az da irəli gedərək onu 8,3 faizə endirir. Bununla bağlı sual etdim ki, rıçaqlarınız varmı? Əgər beynəlxalq praktikada tətbiq olunan uçot dərəcəsindən rıçaq kimi istifadə etməkdən söhbət gedirsə, açıq deyək ki, Azərbaycan şəraitində həmin uçot dərəcəsi işləmir. Əgər bu sərt monetar siyasətə keçəcəksə, o zaman ÜDM-in artımını 1,8 faizdən aşağı salacaq, ciddi əlavə problemlər yaradacaq. Azərbaycanda inflyasiya heç də monetar amillərlə bağlı deyil. Burada qeyd olundu ki, 2023-cü ildə əmək haqları 10 faiz ətrafında artacaq. Belə çıxır ki, bu il əhalinin real gəlirlərinin artırılması istiqamətində heç nə olmayacaq. Əmək haqlarının artırılması inflyasiyanı kompensasiya etməkdən o tərəfə getməyəcək".
Anar Kəlbiyev