Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığı prosesində məqsədli layihələrin icrasına da xüsusi əhəmiyyət verilir.Təsadüfi deyil ki, universitetin Karyera və kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “All about Banking” adlı növbəti layihəyə bugünlərdə yekun vurulub.

"Unikal" xəbər verir  ki, may ayından başlayan silsilə təlimlərin əsas iştirakçıları isə ATMU tələbə kontingenti olub. Adıkeçən layihədə tələbələrlə bank sektorunda uğurlu mövqeyə sahiblənənlərin görüşünün təşkili, peşəkar vərdiş və təcrübə potensialından yararlanmaq imkanları, bank mühiti ilə yaxından tanışlıq, karyeraqurma və s. məsələlər əksini tapıb.

“All about Banking” adlı layihənin icrası günlərində Bank Ombudsmanının məsul katibi, Azərbaycan Banklar Assosiasiyasının layihələr üzrə meneceri, mediator Elçin Həsənov, Rabitəbankın Riteyl bankçılıq departamentinin əməkdaşları Şahlar Muradlı və Gülşən Əsgərli, Bank Respublikanın Aqro və mikro kreditlər departamentinin meneceri Qurban Xələfov, Yelo Bankın İşə qəbul üzrə baş mütəxəssisləri Aygün Məhərrəmova-Kazımova və Günel Əhməd-zadə, Kapital Bankın İşçi seçimi və yerləşdirilməsi şöbəsinin müdiri Nərgiz Əzimova və Mühasibat uçotu şöbəsinin müdiri Anar Akifli bank sahəsinin incəlikləri və başlıca səriştələri barədə danışıblar.

ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, şöbənin mütəxəssisi Lalə Qafarova, Tələbə Elmi Cəmiyyətinin sədri Rəşad Süleymanov və 50 nəfərdən artıq tələbənin qatıldığı “All about Banking” adlı silsilə təlimlər layihəsində xüsusi fəallıq göstərən bir qrup tələbə sertifikatla mükafatlandırılıb.