"Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlanıb. İndi bankların filiallarında fəaliyyət göstərir. Orada 20 min insan işləyirdi, onu da 4-ə vuranda 80 min ailənin dolanışığı idi".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. Deputat bildirib ki, valyutadəyişmə ilə bağlı "qara bazar" fəaliyyət göstərir.
"Metrostansiyaların qarşısında, bağlarda dollar dəyişmək fəaliyyət göstərir. 90-cı illərə qayıtmışıq. Azərbaycana turistlər gəlir. Şənbə və bazar günü banklar işləmir. Bir-iki növbətçi yer olur. Onlar pulunu harada dəyişməlidir? Məsələn, Əhmədlidə pulunu dəyişmək istəyən gəlib şəhərin mərkəzində pulunu dəyişməlidir".
O qeyd edib ki, vətəndaşlarımızı bank sektoru ilə əlaqədar narahat edən məsələlər də çoxdur: "Hamını düşündürən məsələ bank faizlərinin yuxarı olmasıdır. Ölkəmizdə bank faizləri 14% başlayır. Vətəndaşa verilir ki, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olsun. 14 faizdən yuxarı kredit alan sahibkar nə ilə məşğul olmalıdır ki, həm krediti qaytarsın, həm də öz işini inkişaf etdirsin. Vətəndaş üçün elə kredit sistemi yaradılmalıdır ki, orta və kiçik sahibkarlıq inkişaf etsin".
S.Novruzov vurğulayıb ki, banka əmanət kimi qoyulan 100 mindən artıq vəsaitin sığortası yoxdur: "Bank özü qəsdən vətəndaşa deyir ki, pulu evdə saxla".
Anar Kəlbiyev