“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılan “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan növbəti “Aframax” tipli tanker istismara verilib.
"Unikal" xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırığı ilə “Qarabağ” adlandırılan gəmidə Dövlət Himninin sədaları altında üçrəngli Azərbaycan bayrağı qaldırılıb.
Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında üzəcək digər “Aframax” tipli tankerlər kimi, “Qarabağın” da dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 min tondur.
Gəmini Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun 100 % törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkəti idarə edəcək.
Qeyd edək ki, “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən bazar araşdırması nəticəsində ilkin olaraq üç “Aframax” tipli tanker alınıb. Bunlardan birincisi - “Şuşa” gəmisi 15 iyun - Qurtuluş Günündə istismara verilib. Üçüncü gəminin - “Zəngəzur”un istismara verilməsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir.
"Prezident İlham Əliyevin birbaşa dəstəyilə alınan bu nəhəng tankerlər ölkəmiz üçün strateji əhəmiyyətə malik olmaqla, milli gəmiçiliyin yükdaşıma potensialının artırılmasına xidmət edəcək, neft sənayemizin beynəlxalq dəyər zəncirinə töhfə verəcək. Gəmilər SOCAR-ın, eləcə də digər sifarişçilərin xam neft yükünün daşınmasını yerinə yetirəcək", - məlumatda deyilir.
Qeyd olunur ki, bir müddət əvvəl yerli bazarda uğurla buraxılan “ASCO istiqrazları”ndan cəlb olunan vəsait sözügedən “Aframax” tipli tankerlərin alınması layihəsi üzrə ASCO-nun payının maliyyələşdirilməsinə yönləndirilib.